пятница, 16 мая 2014 г.

Azərbaycanda müəllimlər üçün xoş xəbər







Azərbaycanda müəllimlər üçün xoş xəbər


Milli.Az Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayevin Trend-ə müsahibəsini təqdim edir.

- Bakıda çalışan orta məktəb müəllimlərinin fəaliyyətinin sınaq qiymətləndirilməsi zərurəti nədən yarandı?

- Təhsil sistemində keyfiyyətin qaldırılması, ayrı-ayrı müəllimlərin peşəkar inkişafına dəstək olmaq üçün bu tip qiymətləndirmələrin aparılması normal praktikadır. Dünyanın bir çox ölkələrində belə qiymətləndirmələr milli və ya regional səviyyədə həyata keçirilir. Bakıda da belə bir sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi müəllimlərlə bağlı mövcud vəziyyəti, müəllimlər arasındakı mövcud fərqləri dəyərləndirmək, müəllimlərin əmək fəaliyyətinin motivasiyasını qaldırmaqdır.

Düşünürük ki, bu sınaq qiymətləndirmənin nəticəsi olaraq, biz Bakı şəhərində rayonlar, müxtəlif fənlər, müxtəlif yaş qrupları və s. faktorlara görə ayrı-ayrı keyfiyyət göstəricilərinə daha yaxından bələd olacağıq. Bu, gələcəkdə nazirlik tərəfindən müxtəlif qərarların verilməsində, müəllimlərin daha yaxşı hazırlanması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsində, həmcinin ixtisasartırma, müəllimlərin yenidənhazırlığı işinin təşkili baxımından zəruri olan layihədir.

- Sınaq qiymətləndirmədə iştirak edəcək müəllimlər bu prosesə necə hazırlaşa biləcəklər?

- Artıq imtahanın strukturu bəllidir. İmtahanda 40 sual ixtisas fənni, 20 sual metodika, 20 sual isə müəyyən kommunikativ qabiliyyətlərin ölçülməsi ilə bağlıdır. Düşünürəm ki, müəllimlərdən hər hansı hazırlıq tələb olunmur. Çünki bu suallar müəllimlərin gündəlik iş prinsipləri ilə bağlı olacaq. İxtisasla bağlı suallar daha çox kurikulumu əhatə edəcək. Suallar siniflər üzrə strukturlaşdırılacaq. Yəni müəllimin hansı sinifdə hansı keyfiyyətdə dərs demək imkanları da müəyyənləşdiriləcək. Çünki bəzi müəllimlər aşağı siniflərdə daha rahatlıqla yüksək səriştəlilik göstərirlər. Yuxarı siniflərdə dərs dedikdə isə müəyyən mənada çətinlik çəkirlər.

Sualların metodika ilə bağlı hissəsi isə müəllimlərin tədris zamanı tətbiq etdiyi müxtəlif metodlar, yeni fənn kurikulumları, yeni yanaşmalar, hər hansı fəal təlim, interaktiv təlim metodlarının tətbiqi məsələlərini əhatə edəcək. Müəllimlər bu suallarla tədrisi müasir standartlar əsasında nə dərəcədə qura bilmək qabiliyyətlərinin olduğunu göstərəcəklər. Sualların kommunikativ hissəsi müəllimlərin hazırkı emosional durumu, onların ünsiyyət qurma qabiliyyəti, sinifi idarəetmə, liderlik qabiliyyətlərini və s. ölçmək üçün aparılan bir sorğu olacaq.

Çox önəmli məsələlərdən biri budur ki, sınaq qiymətləndirmə attestasiya və imtahanla qarışdırılır. Ancaq bunlar fərqli məsələlərdir.

- Sınaq qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin fəaliyyətindəki zəif məqamlar hansı formada aradan qaldırılacaq?

- Təbii ki, hər bir qiymətləndirmə nəticəsində müəyyən boşluqlar aşkarlana bilər. Adətən, belə boşluqların, çatışmazlıqların aradan qaldırılması üçün hansısa fəaliyyət planı hazırlanır. Təbii ki, bu barədə nəticələr məlum olduqdan sonra daha ətraflı danışmaq olar. Amma ümumilikdə bir məsələ aydındır ki, sınaq qiymətləndirmə müəllimlərin ayrı-ayrı sahələr, mövzular, fənlər üzrə peşəkarlıq səviyyəsini ölçməyə imkan verəcək. Önəmli olan məsələ məktəblərdə keyfiyyətli tədrisin təşkilidir. Biz hamımız bunu qəbul etməliyik ki, məktəbdə müəllim zəif olarsa, tədrisin keyfiyyəti və təşkili vəziyyəti də aşağı olar. Bu zəif məqamlar müəyyən edildikdən sonra nazirlik tərəfindən müəyyən tədbirlər həyata keçiriləcək. Müəllimlərin fəaliyətindəki boşluqları aradan qaldırmaq üçün təlimlər, yenidənhazırlıq, ixtisasartırma kursları təlimləri təşkil ediləcək və müəllimlər bu təlimlərə cəlb olunacaq.

- Qiymətləndirmənin nəticələri nə qədər müddətə bilinəcək?

- Qiymətləndirmə Bakıda müxtəlif zonalar, müxtəlif fənlər üzrə iyun ayı boyunca keçiriləcək. Qiymətləndirmə keçirildikdən təxminən 1 həftə-10 gün sonra nəticələr bilinəcək.

- Sınaq qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin fəaliyyəti hansı formada optimallaşdırılacaq?

- Nazirlik tərəfindən çox yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlər üçün müəyyən həvəsləndirmə tədbirlərinin görülməsi, bu müəllimlərin daha çox dərs saatı ilə təmin edilməsi, dərs bölgüsünün aparılması zamanı göstərilən nəticələrin nəzərə alınması nəzərdə tutulur. Ancaq xüsusi qeyd edilməlidir ki, sınaq qiymətləndirmə müəllimləri cəzalandırmaq üçün keçirilmir. Bu, daha çox müəllimlərin mövcud peşəkarlıq səviyyəsini ölçmək, nazirliyin gözləntiləri ilə müəllimlərin mövcud vəziyyəti arasında olan fərqi müəyyən etmək, müəllimlərin fərqli peşəkar istiqamətini daha da sürətləndirməkdir.

- Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər üçün həvəsləndirici tədbirlərin tətbiqinə gələn tədris ilindən başlanılacaq?

- Bəli. Təbii ki, bu nəzərə alınacaq. Stimullaşdırıcı tədbirlər peşəkarlıq səviyyəsi yüksək olan müəllimlərin nazirlik tərəfindən müxtəlif layihələrə cəlb olunması, müəyyən qiymətləndirmə layihələrinin, dərsliklərin hazırlanması, ayrı-ayrı mövzularla bağlı müəyyən metodiki məsələlərin həllində iştirakı, ümumiyyətlə, təhsil islahatlarının həyata keçirilməsində bu müəllimlərin ideyalarının, yanaşmalarının tətbiqi formatında ola bilər. Həmin müəllimləri nümunə kimi digər müəllimlərə göstərməklə keyfiyyət standartlarını da müəyyən etmək həvəsləndirmə metodlarından biri ola bilər.

- Sınaq qiymətləndirmələrin keçirilməsi dövriliyi necə olacaq?

- Bu qiymətləndirmələr hər il olmasa da, mütəmadi olaraq keçirilməlidir və keçirilməsi də nəzərdə tutulur. Çünki bu, həm də nazirliyin öz işini qiymətləndirməsi və həyata keçirilən tədbirlərin səmərəliliyini ölçmək baxımından çox önəmlidir.

- Sınaq qiymətləndirmənin ilk ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində çalışan müəllimlər üçün keçiriləcəyi gözlənilirmi?

- Hazırda bu qiymətləndirmə ümumtəhsil müəssisələri üçün keçirilir. Orta məktəblərdə bu qiymətləndirməni keçirmək nisbətən asandır, amma ali təhsil müəssisələrində fənlərin sayı 500-dən daha çox olduğundan onu praktiki olaraq keçirmək daha çətindir. Buna görə də hazırda bu məsələ nəzərdə tutulmur.

- Sosial məzuniyyətdə olan və əmək qabiliyyətini itirən müəllimlər sınaq qiymətləndirmədə iştirak etməyəcəklər. Həmin müəllimlərin sonradan bu prosesdə iştirakı təmin ediləcəkmi?

- Bu müəllimlərin qiymətləndirmədə iştirakı sosial, tibbi nöqteyi-nəzərdən mümkün deyil. Buna görə də bu amil nəzərə alınır. Həmin müəllimlər üçün bu istisna hallar aradan qalxdıqdan sonra onların da gələcəkdə qiymətləndirmələrdə iştirakı nəzərdə tutulu

вторник, 13 мая 2014 г.

Bakı şəhərində keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində kimlərin iştirak etməyəcəyi açıqlanıb.

 



Bakı şəhərində keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində kimlərin iştirak etməyəcəyi açıqlanıb.
Bakı. Könül Kamilqızı - APA. Bakı şəhərində keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində kimlərin iştirak etməyəcəyi açıqlanıb.
APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva bildirib ki, sınaq qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birlikləri rəhbərləri və sosial məzuniyyətdə olan və əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəklər. Onun sözlərinə görə, sınaq qiymətləndirmədə yalnız Bakı məktəblərində daimi müəllim vəzifəsində işləyən müəllimlər, analıq məzuniyyətində olan müəllimin əvəzinə müqavilə ilə işləyən müəllimlər iştirak edəcəklər. A.Tairquliyeva qeyd edib ki, sınaq qiymətləndirmədə iştirak etmək üçün hər bir müəllimə “Buraxılış vərəqəsi” göndəriləcək və orada qiymətləndirmənin aparılacağı məktəb, yer qeyd olunacaq. Qiymətləndirmə zamanı müəllimlərə 4 variantda 80 sualdan ibarət testlər təqdim olunacaq. 80 sualdan 40-ı müəllimlərin kurrikulum, 20-si metodik, digər 20-si isə kommunikativ bilikləri yoxlanılacaq”.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdirinin müavini Elnur Әliyev bu qiymətləndirmənin müəllimlərin sonrakı fəaliyyətinə hansı formada təsir edəcəyini də açıqlayıb. O qeyd edib ki, sınaq qiymətləndirmədən sonra müəllimlərin əmək fəaliyyətinin optimallaşdırılması nəzərdə tutulur. E.Əliyevin sözlərinə görə, sınaq qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin ilkin mərhələdə mükafatlandırılması planlaşdırılır: “Ətraflı təhlil aparıldıqdan sonra müəllimlərin əmək haqlarının nə dərəcədə artırılmasından söhbət gedə bilər. Sınaq qiymətləndirmənin nəticəsi yalnız diaqnostik xarakter daşıyır. Müəllim suallara cavab verə bilməyəcəyi və ya zəif cavab verə biləcəyi halda bu, onun üçün heç bir risk yaratmayacaq. Sınaq qiymətləndirmənin nəticəsi müəllimlərin səviyyəsini müəyyənləşdirmək və bunun əsasında onlar üçün inkişaf planı hazırlamaqdır. Bakının müəllimləri özlərinə yaxın ərazidə keçiriləcək imtahanda iştirak edəcək. Ümumilikdə sınaq qiymətləndirmənin keçirilməsi üçün Bakının 4 zonasında 30-dək məktəb müəyyənləşdirilib. Sınaq qiymətləndirmənin keçirilməsində məqsəd hansısa cəzalandırma, sanksiya tətbiq etmək yox, müəllimlərin səviyyəsini bilmək və onların yüksəldilməsini təmin etməkdən ibarətdir”.
Nazirlik rəsmisi qeyd edib ki, yaxın müddət ölkənin regionlarındakı orta məktəblərdə çalışan müəllimlərin də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu proses ilkin olaraq şagirdlərin sayına görə ölkədəki bütün şagirdlərin 28 faizini əhatə edən Bakıda təşkil olunur, yaxın gələcəkdə digər rayonlarda əhatə edəcək.
Əməkdar müəllim Asif Cahangirov bildirib ki, müəllim hazırlığı, sovet ideologiyasında yetişən müəllimlərin müasir təlim metodlarına yönəldilməsi əsas məsələlərdən biridir. Onun sözlərinə görə, ölkədəki müəllim hazırlığında əsaslı dönüş yaradılmalıdır: “Bunun üçünsə, real vəziyyətin necə olduğu öyrənilməlidir. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq sınaq qiymətləndirmə vasitəsilə kütləvi araşdırma aparılacaq. Sınaq qiymətləndirmə zamanı da əsas məsələ müəllimlərin yoxlanılması deyil, diaqnostika əsasında müəllimlərin peşəkar inkişafı sahəsində konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir”.

Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcək.

 


           Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, sınaq qiymətləndirilməsi 3 istiqamətdə fənn, metodika, kommunikativ qabiliyyətlə dair sorğu əsasında aparılacaq. Sınaq qiymətləndirməsinin fənn istiqaməti müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirmələrinin metodika istiqaməti üzrə tapşırıqları kurikumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və sair kimi məsələləri əhatə edir. Kommunikativ qabiliyyətə dair sorğu – müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq , özünüidarə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir.
Qeyd edək ki, sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir. Qiymətləndirmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı məktəblərdə təşkil olunacaq və iki saat davam edəcək. Sınaq qiymətləndirməsi ilə müəlimllərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik, bacarıq, və səriştəsinin artırılmasına xidmət edən yeni sistemin yaradılmasına başlanılması nəzərdə tutulur. Qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin peşə fəaliyyəti stimullaşdırması meyarlarla dəyərləndiriləcək və yeni yanaşmaya uyğun təlim proqramları hazırlanacaq.
Qiymətləndirmə test şəklində 4 variantdan ibarət 80 sualdan ibarət olacaq. Təhsil Nazirliyinin tabeliyində olan 357 məktəbdən 1620 müəllim iştirak edəcək. Təhsil Nazirliyinin tərkibində olan internat məktəblərindən 592 müəllim iştiark edəcək. Bakı şəhəri Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrindən 27007 nəfər sınaqdan keçəcək.
Məktəblərə müəllimlər üçün buraxılış vərəqəsi göndəriləcək. Həmin vərəqdə imtahanın vaxtı və yeri göstəriləcək. Sınaq qiymətləndirməsində məktəblərdə daimi vəzifə tutan müəllimlə, analıq vəziyyətin də əvəz edən müəllimlər iştirak edir. Sınaq qiymətləndirməsində məktəb direktorları, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olanlar iştirak etməyəcəklər.
Tədbirdə çıxış edən Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Elnur Əliyev regionlarda sına qimtahanlarının keçirilməsinə münasibət bildirib. E. Əliyev qeyd edib ki, bu sınaqlar regionlarda da olacaq: "Amma hələ ki, Bakıda əhali daha çox olduğu üçün ilk növbədə burada keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələlərdə bölgələrdə də bu sınaqlar keçiriləcək”.
E. Əliyev eyni zamanda sınaq qiymətləndirməsinin nəticəsindən də danışıb.
Sınaq qiymətləndirməsi ilkin olaraq diaqnostik xarakter daşıyır. Məsələn biz biləcəyik ki, 100 nömrəli məktəbdə müəllim coğrayifanı hansı səviyyədə bilir. İxtisasartırma insitutuna ayrıca tapşırıq verilib ki, nəticələrin təhlili əsasında müəllimlərin səviyyəsinin qaldırılması üçün ayrıca proqram hazırlasın. Bu qiymətləndirmənin məqsədi mövcud durumu, müəllimlərin səviyyəsini bilmək və onu daha da qaldırmaqdır. Qiymətləndirmənin məqsədi cəzalandırma deyil”.
Sualların çətinlik səviyyəsinə gəlincə isə, onlar mövcud proqram əsasında hazırlanıb: “Suallar əzbərçilik xarakteri daşımır, məntiqi sualdır. Təcrübəli müəllim sualın cavabını bilməsə də, istisna yolu ilə ona cavab tapa biləcək”.
Məktəb direktorlarının sınaqdan kənar qalmasına da münasibət bildirən E. Əliyev qeyd edib ki, hər şeydən əvvəl məktəb direktoru idaredicidir: “Qeyd edim ki, bütün məktəb direktorları dərslə təmin olunmayıb. Bəziləri dərslə təmin olunub. Ona görə də onların əsas vəzifəsi məktəbi idaretməkdir”